13/02/2019
Baş ağrıları.
Əksər hallarda pacientlər nevroloqa baş ağrı ,baş gicəllənmə şikayətləri ilə müarciyət edir.
Baş ağrısı - əzabverici və gündəlik aktivliyə mane olan vəziyyətdir. Səbəbləri müxtəlifdir. Bu haqda bir çox məqalələr, həkimlər tərəfindən maarifləndirici xarakterli videoroliklər mövcuddur. Sosial şəbəkələr vasitəsi ilə pacientlərin maarifləndirilməsinin bir səbəbi var: pacientlər illər boyu baş ağrılarından əziyyət çəkməsinlər, ağrı ilə yaşamağı vərdiş etməsinlər, ağrıların sayını, tezlik və gücünü azaltmaq və aradan qaldırmağa çalışmaq, ağrıların altında daha ciddi səbəblər yatarsa - zamanında aşkar edib mevafiq müalicə tədbiq etmək.
Baş ağrı nəyə deyilir? Baş nahiyyəsində olan hər hansı ağrı və ya diskomfort hissinə baş ağrıları deyilir. Baş ağrıları başı örtən toxumalarda – dəri, əzələ, başın vətər dəbilqəsində və onlarda olan damarlarda, kəllə sümüyü sümüküstlüyündə, beyin qişaları və onların damarlarında, kəllədaxili vena və arteriyalarda olan ağrı reseptorlarının qıcıqlanması zamanı əmələ gəlir.
Baş ağrıları çox geniş yayılmış haldır və əhalinin 90%-dən çoxunda həyatı boyunca baş verir.
Daha sıx rast gəlinən ağrılar haqqında qısa məlumat.
Miqren əmək qabiliyyətinin əhəmiyyətli dərəcədə itirilməsinə gətirən birincili baş ağrılarının ağır formasının ən geniş yayılmış növüdür. Miqren ağır formalı birincili baş ağrısının ən geniş yayılmış növüdür. Yayılma dərəcəsinə görə 10% kişilərdə, 22% qadınlarda müşahidə olunur.
Miqren ağrılarının səciyyəvi xüsusiyyətləri:
birtərəfli
pulsasiya edən
bir neçə dəqiqədən bir neçə saata qədər müddətdə artan
intensivliyinə görə: orta ağır və ağır
ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslığın artması ilə müşayiət olunur
əmək qabiliyyətinin itirilməsi
adi fiziki yükdən baş ağrısının güclənməsi
Miqren tutmalarının müddəti 4-72 saat davam edə bilər, ayda 1 dəfədən hər gün davam edən tutmalar formasında müşahidə edilir.
Miqren tutmalarının ikinci zirvəsi qadınlarda 40-50 yaşlar arasında, bədəndə hormonal tarazlıq pozulanda və progesteronun səviyyəsinin kəskin şəkildə azalması hesabına “nisbi” hiperestrogeniyanın yaranması və sikldən-siklə hormonların səviyyəsinin tərəddüd etdiyi zaman baş verir. Menopauzanın başlanması və reproduktiv sistemdə dövrü proseslərin başa çatması miqrenin gedişatına müsbət təsir göstərə bilər.
Gərginlik baş ağrısı (GBA) geniş yayılmış baş ağrısı formasıdır. Kişilərdə – 42%, qadınlarda isə 49% hallarda müşahidə olunur. GBA miqrenlə müqayisədə mülayimdir. Adi hallarda GBA zamanı BA aşağıdakı xüsusiyyətlərə malikdir:
ikitərəfli lokalizasiya
sıxıcı və ya təzyiqedici xarakter
ağrılar yüngüldən orta ağırlıq dərəcəsinə qədər
ürəkbulanma və ya qusma yoxdur
adi fiziki gərginlik zamanı artmır
perikranial əzələlərin ağrıları, işığa və ya səs-küyə qarşı artmış həssaslıqla müşahidə oluna bilər
Servikogen baş ağrısı
Xronik baş ağrılarının 14-18%-i servikogen mənşəlidir, yəni onurğa sütununun boyun hissəsində skelet-əzələ disfunksiyası nəticəsində əmələ gəlir. SBA, adətən, başın bir yarısını əhatə edən, boyundan və ya ənsə nahiyəsindən başlayan və gücünə görə maksimal ağrının cəmləşdiyi başın alın və gicgah hissələrinə yayılan orta və ya mülayim intensivlikli ağrı tutmaları ilə səciyyələnir. Ağrı boyunun spesifik hərəkəti və ya uzunmüddətli fiksə edilmiş vəziyyəti ilə bağlı güclənə bilər. Manual müayinə oynaq hərəkətliliyini, əzələlərin dartılma qabiliyyətini və bükülmə və dartılma formasında hərəkət diapazonunu müəyyən edir və diaqnozun qoyulmasında yardım edə bilər. Əgər vizual olaraq və ya müayinə üsulları ilə onurğa sütununun boyun nahiyəsində zədələnmələrin olduğu təsdiqlənirsə, baş ağrısı servikogen mənşəli ola bilər.
İstənilən baş ağrı şikayəti olduqda hekim müayinəsi, neyrogörüntüləmə və bəzi hallarda EEG ( elektroensefaloqramma ) müayinələri aparılmalıdır.
Baş ağrısı digər xəstəliklərin simptomu kimi meydana çıxa bilər!
Beyin şişləri
Beyin daxili qansızma
Kəskin sinusitlər ( burun ciblərinin iltihabı)
Beyin qişalarının iltahabı
Hipertonik ensefalopatiya ( yüksək təziq fonunda yaranan baş ağrısı)
Gigant hüceyrəli arteriit ( immun sistemi tərəfindən hədəfə alınan gigah arteriyası divarında baş verən iltihabi process)
Gözün daxili təziqinin artması
Baş ağrıya səbəb olan xəstəliklər və birincili baş ağrıları haqqında məlumatlar sözsüz ki, yazdıqlarımızla bitmir. Növbəti məqalələrimizdə digər nadir lakin şiddətli ağrılar haqqında paylaşımlarımız olacaq.
Zamanında mütəxəssisə müraciyət edin. Bu ilk növbədə sizin saglamlığınız üçün vacib və büdcəniz üçün ( illər boyunca ağrı əleyhinə preparatlara vəsait xərcləməkdən qurtulmaq) sərfəlidir.